Məktəb fobiyası nədir?
Məktəb fobiyası uşaqlarda adətən yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq sentyabr ayından başlayır.
Məktəb fobiyası çox zaman ürək bulanması, qarın və ya baş ağrısı, baş gicəllənməsi, qusma kimi psixosomatik əlamətlərlə özünü büruzə verir. Eyni zamanda iştahasızlıq, aqressivlik və ya özünə qapalılıq, küsəyənlik kimi əlamətlərr də müşahidə olunur.
Təbii haldır ki, yaş fərqinə əsasən fobiyanın yaranma səbəbləri də fərqlidir.
Məktəb fobiyasının ən çox müşahidə olunduğu uşaqlar 5-7 yaş dövründə olanlardır. Bu yaşlardaki uşaqlarda bu problemin yaranmasına əsasən səbəb ya valideynlərin lazımından çox qayğı göstərməsi, ya da heç qayğı göstərməməsi ola bilir.
Məktəb fobiyasını yaradan səbəblər müxtəlifdir. Bunlara
• ailədən ayrılma qorxusu,
• ailədaxili münaqişələrə şahidlik,
• uşağın bacardığından daha artığının tələb edilməsi
• onun uğur və bacarıqlarına biganə münasibət,
• ünsiyyət çətinliyi,
• məktəbdə fiziki və mənəvi şiddətə məruzqalma kimi səbəblər daxildir.
Bundan başqa, uşağın
• psixoloji cəhətdən məktəbə getməyə hazır olmaması,
• müəllimin laqeydliyi
• öz potensialını göstərməyə çalışan uşağa yetərincə dəstək olmaması,
• başqaları ilə müqayisə etməsi,
• ev tapşırıqlarını yerinə yetirərkən valideyn tərəfindən lazımı kömək göstərilməməsi,
• ailənin maddi durumunun və yaşayış şərtlərinin yetərincə olmaması,
• uşağın ehtiyaclarının qarşılanmaması ilə də əlaqədar ola bilər.
Araşdırmalar göstərir ki, məktəb fobiası yaşayanların 80%-i evin tək övladı və ya oğlan uşaqları olur
Məktəb fobiyası olan uşaqlarla ünsiyyətdə hansı səhvlərə yol vermək olmaz?
Məktəbə gedəndə ciddi bir fizioloji və ya bioloji problemi olmadığı halda valideyin uşağı yenə də məktəbə aparmalıdır.
Unutmamaq lazımdır ki, uşaq məktəbə adaptasiya olmaq üçün ona vaxt vermək lazımdır. Bu adaptasiya dövründə sizin edə biləcəyiniz tək şey ona mənəvi dəstək olub, irəli gedə bilməsi üçün ona şans verməkdir.
Məktəbə hazırlaşmağı uşağın təsəvvüründə çox məsuliyyətli prosesə çevirmək lazım deyil. Uşağa “artıq məktəbə gedəcəksən, oyuncaqlarını və oynamaq vaxtını azaldıb daha çox dərs oxumalısan, yaxşı qiymətlər almalısan” və s. kimi ifadələr əvəzinə “məktəbdə yeni dostların olacaq, birlikdə maraqlı çalışmalar yerinə yetirəcəksiz” kimi ifadələr işlətmək daha düzgündür.
Daha yaxşı olar ki, yeni məktəbə gedən uşaq əvvəlcədən məktəb, sinif otağı, müəllimi ilə tanış olsun.
Həmçinin məktəb ləvazimatlarının rahat və istifadə üçün asan olması da şərtdir. Uşağın gündəlik rejimini bir müddət əvvəldən məktəb dönəminə uyğunlaşdırmaq, yuxu və yemək saatlarına fikir vermək lazımdır.
Uşağın dərs prosesindən başqa yoldaşları və müəllimi ilə ünsiyyətinə əhəmiyyət verilməli, məktəbdənkənar məşğələlərdə valideynin dəstəyini hiss etməlidir.
Bununla yanaşı, valideynin uşaqla ünsiyyəti açıq olmalı, məktəbdə olanları ona danışmasına imkan yaratmalıdır. Onun aldığı qiymətlərə obyektiv yanaşmaq, ev tapşırıqlarını rahat şəraitdə, aqressivlik göstərmədən yerinə yetirilməsinə kömək göstərmək lazımdır.
Məktəbə getməsi üçün uşağa maddi motivasiyalar verməyin. Mükafatları mümkün qədər mənəvi etməyə çalışın
Bütün göstərilən səylərə rəğmən uşaq yenə də məktəbə getmək istəmirsə, məktəbə aparmaq istəyəndə halı pisləşirsə, mütləqdir ki, qalıcı problem yaranmadan bir mütəxəssisə müraciət edəsiniz.