Panik pozuntunun əsas əlamətləri

Panik pozuntunun əsas əlaməti hər hansı xüsusi situasiya və ya şərait ilə məhdudlaşmayan, buna görə də əvvəlcədən xəbər verməyən residivləşən kəskin ifadə olunmuş təlaş (panik) tutmalarıdır. Digər təşviş pozuntularında olduğu kimi əsas simptomlar qəflətən meydana çıxan ürəkdöyünmə, döş sümüyü arxasında ağrı, təngnəfəslik, qeyri-reallıq (depersonalizasiya və ya derealizasiya) hissidir. Bundan əlavə ikincili olaraq bir çox hallarda ölümdən, özünə nəzarətin və ya ağılın itirməsindən ibarət qorxu müşahidə olunur. Epidemioloji tədqiqatlar göstərir ki, həyat boyu PP-nin yayılması 1,4-2,9%-dir. Xəstəliyə daha çox qadınlarda rast gəlinir. Panik pozuntunun orta yaş göstəricisi 25 yaşdır. PP-nin gedişində 2 variant mövcuddur:
a. qəflətən yaranan heç bir təkanla bağlı olmayan panik hücumlar
b. konkret şərait ilə əlaqəli olan panik hücumlar.
Panik hücumlar davametmə müddətinə və intensivliyinə görə fərqlənə bilər. Belə ki, eyni xəstədə panik hücumlar həm bir ay ərzində dəfələrlə, həm də aylarla olan fasilə ilə baş verə bilər. Həkimlərin tövsiyələrinə baxmayaraq belə xəstələr hesab edirlər ki, panik hücumlar onların həyatı üçün təhlükə yaradır, bu səbəbdən onlar işdən uzaqlaşır, evdən çıxmırlar. 4-6 il ərzində təxminən 30% hallarda vəziyyət sağalma ilə nəticələnir, halların yarısında isə simptomların mövcudluğuna baxmayaraq yaxşı kimi qiymətləndirilir.