Ataların buraxdığı səhvlər nələrdir
Ataların buraxdığı səhvlər nələrdir?
Analar uşaqları emosional stabillik ilə təmin etdiyi halda, atalar uşaqları təhlükəsizlik və güvənlik ilə təmin edir. Uşağın beyin inkişafına dəstək olub onu fiziki cəhətdən aktivləşdirməyə ata anadan da artıq tövhə verir. Motivasiya dolu valideynlərin nəzarəti altında böyüyən uşaqlar daha baxımlı, xoşbəxt və uğurlu olur. Ataların buraxdığı bu səhvlər uşağın düzgün davranışı və harmoniya dolu inkişafında istənilməyən nəticələrə və maneələrə səbəb ola bilər.
1. Uşaqla yetərli zaman keçirməmək. Birlikdə zaman keçirmək deyərkən ev tapşırıqlarının həllində kömək etməklə yanaşı birlikdə yemək yemək, velosiped təkərini düzəltmək, otağın yığışdırılmasına kömək etmək, birlikdə həkimə getmək, ehtiyacı olduqları əşyalar və ya paltarlar üçün alış-veriş etmək kimi yardımlar nəzərdə tutulur. Ailə yığıncaqlarında birgə oynamaq və aktiv iştirak etmək də önəmlidir. Məhz bu zaman atalar uşaqları üçün qazanmaq və məğlub olmaq ilə bağlı müdrik həyat dərsləri keçə bilər.
2. Daima dəyişən tərbiyə üsuludur. Mütəmadi olmayan tərbiyə üsulu qədər uşaqlarınıza zərər verəcək demək olar ki, başqa heç nə yoxdur. Əgər bəzən sərt münasibət bəsləyib bəzən də uşaqlarınızın nə ilə məşğul olduğuna önəm vermirsinizsə, onlardan nə gözlənildiyini bilməyəcək və necə davranmaq lazım olduğunu anlamayacaqlar.
3. Səbrin tükənməsi. Bəzən uşaqların davranışı dözülməz olur, lakin ata belə olduğu halda özünü sakit saxlamalı və səsini qaldırmamalıdır. Bir uşaq ailədə söyüş, qəzəb və qışqırıqla üzləşdiyi halda bu cür münasibəti dostları və digər ailə üzvləri ilə də uyğun görəcəkdir. Ata belə bir hərəkətə yol verdiyi halda, yanlış etdiyini boynuna almalı və üzr istəməlidir. Bir valideynin səhvini boynuna alaraq səmimi olaraq üzr istəməsi qədər effektiv tərbiyə üsulu yoxdur.
4. Uşaqları nəticələrdən qorumaq. Heç kim övladlarının əzab çəkdiyinin şahidi olmaq istəmir. Lakin uşağınız yanlış bir hərəkət etdiyi halda hansısa bir cəza və ya ağır nəticə ilə üzləşirsə, siz problemi aradan qaldırmağa deyil, onun bu vəziyyəti tək başına yaşamasına imkan verməlisiniz. Məsələn, uşağınız ev tapşırığını yerinə yetirməyib son ana saxlayıbsa, ona kömək etmək yerinə, onun pis qiymət almağına göz yummalısınız. Bir atanın instinkti ona uşağını xilas etməyi işarə edəcək, amma belə etdiyiniz halda uşağınıza önəmli həyat dərsini almağa imkan verməyəcəksiniz.
5. Həddindən artıq nizam-intizamlı olmaq. Hər zaman ancaq valideyn rolunu oynamaq istəmədiyiniz kimi sərt tərbiyəçi olmaq da istəməzsiniz. Nizam-intizam önəmlidir, lakin siz uşaqlarınızın sizdən qorxmasına zəmin yaratmayın. Uşaqların üstünə qışqırmaq və ya onlara sərt cəzalar tətbiq etmək çıxış yolu deyil. Sevgi ilə böyütmək, şiddətlə böyütməkdən daha effektivdir.
6. Uşağınızı digərləri ilə müqayisə etmək. Övladınızı digərləri ilə müqayisə etmək sizi cəzb edə bilər. Həqiqətdə isə başqaları ilə müqayisə etmək yerinə uşaqlarınızın fərdiliyindən zövq almağa üstünlük verməlisiniz. Uşaqlar fərqli zamanlarda və mərhələlərdə müxtəlif cür inkişaf edir. Balalarınızı digərləri ilə müqayisə etməkdən çəkinin ki, lazımsız olaraq həyəcan hiss etmək, onları sıxmaq və həddindən artıq tərifləmək məcburiyyətində qalmayasınız. Uşaqları tərbiyə edərkən səhvlər buraxmaq hamının üzləşdiyi bir təcrübədir, lakin bu səhvlərdən xəbərdar olduqda siz bu səhvlərin qarşısını ala bilərsiniz.