Autizm Spektr Pozuntusu nədir
Autizm-erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır və özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir.
Autizm kifayət qədər geniş yayılmış haldır. Belə ki, son statistikalara əsasən təxminən 54 uşaqdan birində müşahidə olunur. Hal-hazırda autizmin yaranmasının dəqiq səbəbləri məlum deyil. Autizmin yaranması həm irsi, həm də doğuşdan əvvəlki, doğuş zamanı və sonradan qazanılmış bir sıra inkişafa təsiredici faktorlarla, hamiləlik zamanı baş verən narahatlıqlarla əlaqədar ola bilər.
Müasir tədqiqatlara əsasən autizmi əsəb sisteminin patologiyası ilə əlaqələndirirlər. Baxmayaraq ki, autizmin təzahür spektri çox genişdir, əsas simptomları ümumi xarakter daşıyır və 3 komponentdən əbarətdir:
• Sosial münasibətlərdə pozğunluq
• Nitq və ünsiyyətdə pozğunluq
• Təkrarlayıcı və qəribə danışma/davranışın olması kimi xüsusiyyətlər sayıla bilər.
Autizmli uşaqlarin bəzi xüsusiyyətləri arasında
• Başqalarına qarşı maraqsızlıq
• Göz təmasından qaçınma
• Başqaları ilə ünsiyyətə girməmə
• İstəklərini başqalarının əllərindən istifadə edərək ifadə etmə
• Digər uşaqlarla oynamama
• Uzun müddət ərzində eyni mövzu üzərində danışma
• Səbəbsiz olaraq ağlama, gülmə və səbəbsiz davranışlar nümayiş etdirmə
• Mənasız sözləri ardıcıl təkrarlama
• Predmetləri davamlı olaraq çevirməkdən xoşu gəlməsi
• Yaradıcılıq tələb edən oyunları oynaya bilməmə
• Hər şeyin eyni olmasını istəməsi, dəyişikliklərə həddindən artıq reaksiya verməsi
• Hər hansı bir yenilik onlar üçün qorxulu və qeyri-müəyyən olması
• Davamlı olaraq eyni oyunları oynaması
• Ağrıya qarşı laqeydlik
• Səslərə qarşı həddindən artıq həssaslıq və ya həddindən artıq laqeydliq
• Exolaliya (cavab vermək əvəzinə, özünə deyilənləri eynilə təkrar etməsi)
• Tək qalmağı xoşlaması
• Təmasdan və qucağa alınmaqdan xoşu gəlməməsi
• Predmetlərə bağlanması
• Ehtiyaclarını ifadə etməkdə çətinlik çəkməsi, danışmaq əvəzinə hərəkətlərlə ehtiyaclarını ifadə etməyə çalışması
• Həddindən artıq hərəkətlilik ya da həddindən artıq hərəkətsizlik müşahidə olunması kimi simptomlar sayıla bilər.
Əgər uşağınızda bu xüsusiyyətlərin bir necəsini müşahidə edirsinizsə vaxt keçirmədən bir psixiatra müraciət edin . Çünki ilkin və erkən diaqnoz çox önəmlidir. Uşağın 6 yaşından tez reablitasiyaya başlaması, bu uşaqlarda nəticələrin daha yaxşı olması ehtimalını artırır. Onların cəmiyyətə qaynayıb-qarışması, bir iş sahibi olması, normal insanların əhatəsində yaşamağı öyrənməsi mümkündür.
Autizm Spektr Pozuntusu haqqında bilməsi gərəkən 10 fakt
2 Aprel - Dünya Autizm Məlumatlandırma Günüdə Autizm Spektr Pozuntusu haqqında bilməsi gərəkən 10 faktdan bəhs etmək istəyirəm.
1. "Autizm" uşaq və yeniyetmə psixiatrları tərəfindən diaqnozu qoyulan bir uşaqlıq dövrü xəstəliyidir.
Autizm beyin xəstəliyidir, autizmli uşaqların beynində normal fərdlərdən fərqli bir inkişaf müşahidə olunur.
3. Autizmin şiddəti hər fərddə fərqli şəkildə müşahidə olunur. Çox ağır simptomları olduğu kimi çox yüngül simptomları olan fərdlər də var.
4. Autizmin zəka ilə heç bir əlaqəsi yoxdur. Həm istedadlı, həm də zehni qüsurlu şəxslərdə görülə bilər.
5. Peyvəndlər autizmə səbəb olmur. Bununla birlikdə, aşılanmayan uşağınız həm özü, həm də digər uşaqlar və cəmiyyətdəki insanlar üçün ölümcül olan xəstəliklər üçün ciddi bir risk yaradır.
6. Uşaqdakı autizm əlamətləri (danışmamaq, ətrafa laqeydlik, təkrarlanan hərəkətlər, gözlə kontakt yaratmamaq kimi) nə qədər tez fərq edilərsə və uşaq psixiatrına nə qədər tez müraciət olunsa, müalicə o qədər yaxşı olar.
7. Autizmin bilinən ən vacib müalicəsi, erkən yaşda başlayan və mütəmadi olaraq davam etdirilən fərdi təhsil proqramlarıdır.
8. Uşaq üçün uyğun olarsa, fərdi təhsildən əlavə dil terapiyasından da faydalanırlar.
9. Diqqət problemləri, özünə zərər vermə davranışları və obsesyonlar kimi problemlərin tibbi həlləri mümkündür və müalicə planları və təqibləri uşaq psixiatrları tərəfindən aparılır.
10. Erkən diaqnoz və düzgün müalicə ilə uşağınızdakı otizm əlamətləri qismən və ya tamamilə yaxşılaşa bilər.
Autizm Spektr Pozuntusu olan uşaqlara necə davranaq
Autizmli Uşağa Necə Davranılmalıdır?
-Təəssüf ki, hər şeyə etiraz edən, özünü ifadə edə bilməyən, deyilənləri anlamayan, göstərişlərə məhəl qoymayan bir uşağa qarşı ailələrin reaksiyası olduqca sərt ola bilər. Sadaladığım bəzi durumlar uşağı autism spektrumunda olmayan ailələrdə belə qəzəb hissinə, yüksək səslə qışqırmaya və ya cəzalandırmaq kimi davranışlara səbəb ola bilər.
Bu reaksiyalar, yüksək səsə həssas olan, özünə güvənməyən və qorxan autizmli uşağın reaksiyalarının daha da artmasına və valideynə qarşı qorxu və inamsızlığın hissinin yaranmasına səbəb olacaqdır. Eləcə də qışqırma, fiziki şiddət, cəza və qorxutma kimi üsullar uşaqlarla ünsiyyətdə, autizm olub -olmamasından asılı olmayaraq heç vaxt istifadə edilməməlidir.
Cəmiyyətimizdəki ən böyük qüsurlardan biri, fərqli olanı qəbul etməməsi, ailənin sosial mühitdə ən çox mübarizə aparacağı vəziyyətdir. Unutmamalısınız ki, sosial mühitdə normal davranmadığınız uşağınıza digər insanlar da normal davranmayacaq. Uşağınızı ictimailəşdirməmək, evdə saxlamaq, sosial təzyiq üzündən çölə çıxarmamaq uşağa edə biləcəyiniz ən pis şeydir.
Bəs autizmli uşağa necə davranılmalıdır?
Fərqli maraqları, ehtiyacları, gözləntiləri və inkişafları olan autizmli uşaqlar həyatı fərqli qəbul edir və yaşayırlar. Bu səbəbdən normal həyatda çətinlik çəkir. Bu nöqtədə valideynlərin həssas olması və uşağın həyatını təşkil etməsi çox vacibdir.
• İlk növbədə uşağın vəziyyəti qəbul edilməlidir. Diaqnozdan sonra ailə fərdləri özünü, digər valideyni və uşağı günahlandırma hissini çox görürük. Ancaq bu xəstəlikdə günahkar yoxdur, ona görə də bütün energiya və diqqət uşağın dərhal müalicəyə başlaması üçün sərf edilməlidir. Təbii ki, mənfi bir prosesə girdiyini anlayan hər bir fərd kimi, onları gözləyən bu yeni və çətin proses də ailəyə mənfi təsir edəcək. Bu vəziyyəti qəbul etmək üçün fərdi dəstək almalı və uşağa necə davranılması ilə bağlı mütləq bir mütəxəssisdən bilgi almalıdırlar.
• Autizmli uşaqlar evlərində və otaqlarında dəyişiklik sevmədikləri üçün daimi dəyişikliklər edilməməlidir.
• Autizmli uşaqlarda təkrarlanan hərəkətlər tez -tez baş verdiyindən, bu hərəkətlərin yerinə sadə hərəkətlər öyrədilməlidir və ay diqqəti yayındırılmalıdır.
• Autizmli uşaqlar özünü ifadə etməkdə çətinlik çəkirlər. Bu səbəbdən uşağın danışması təşviq edilməlidir. Gündəlik həyatla əlaqəli mövzular müzakirə edilə bilər. Ancaq onlar hər deyiləni anlamaya bilərlər; buna görə də bunu adi hal kimi qəbul etmək lazımdır. Uşaq mövzu öyrənməkdə çətinlik çəkə bilər.
• Səs -küylü mühit onları son dərəcə narahat edən mühitlərdir. Yaşayış mühitinin və evin səs -küydən uzaq olması onlar üçün vacibdir. Bundan əlavə, autizmli uşaqlar çox işıqlı mühitdə narahat olurlar. Buna görə həddindən artıq işıqlandırmanın qarşısını almaq lazımdır.
• Autizmli uşaqlar bəzi obyektləri öyrənməkdə maraqlıdırlar. Onların maraq dairələri dəstəklənməli və təqdir edilməlidir.
• Autizmli uşaqlar məcazi ifadələri anlamaya bilərlər. Buna görə nəzərdə tutulan şey sadə şəkildə çatdırılmalıdır.
• Uşağından tələb olunan davranışların səbəbləri də ona izah edilməlidir, çünki onlar nə etdiklərini və niyə etdiklərini anlamaya bilirlər.
• Avtoritar davranışlardan çəkinmək lazımdır, çünki bu onları daha da pisləşdirə və şiddətə yönəldə bilər.
• Cəza kimi davranışlardan çəkinmək lazımdır. Bu vəziyyət onların narahatlığını artırır və daha da təsir edir.
• Onlara sevgi ilə yanaşmaq lazımdır. Ən çox ehtiyac duyduqları anlayışdır. Onları anlayıb, başa düşdüyünüzü hiss etsinlər.