“Məqsədimiz mükəmməl ana olmaq deyil, kifayət qədər yaxşı ana olmaqdır”- Aydan İsgəndərzadə



Yeniyetməlik dönəmində yaşananlar, yeniyetmə- valideyn münasibətləri insan həyatının çətin periodlarından biridir. Yeniyetmələrin formalaşma dönəmini sağlam şəkildə keçirməsi önəmlidir. Bu dönəmi yüngül atlatmaq üçün zaman-zaman təcrübəli mütəxəssislərə ehtiyac duyulur. Aydan İsgəndərzadə bu sahə üzrə ixtisaslaşmış təcrübəli həkimlərimizdəndir.

O, 1991-ci ildə Gəncədə dünyaya göz açıb. 2008-ci ildə orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Ənənəyə sadiq qalaraq 2014-cü ildə Tibb Universitetini də fərqlənmə diplomu ilə bitirir. Bu müddət ərzində o həm də Ankara Tibb Fakültəsi və İstanbul Universiteti Çapa Tibb fakültəsində mama-ginekologiya üzrə təlim keçir.2016-2020 İstanbul Universiteti Uşaq və Yeniyetmə Psixiatriya Kafedrasında uzmanlıq təhsili alır. Həmin illərdə 3 ay müddətində Uşaq Nevrologiyası kafedrasında və 9 ay müddətində Ruh sağlığı və Xəstəlikləri kafedrasında Asistan həkim olaraq fəaliyyətə başlayır. Bundan sonra o Uşaq və Yeniyetmə Uzman -Psixiatrı kimi fəaliyyətə başlayır. 2022-ci ildən etibarən Space Telekanalında “Çox Yaşa” layihəsinin aparıcısı, eləcə də Səhiyyə Telekanalında Psixi-Tolk layihəsinin rəhbəri və aparıcısıdır. Bu vaxta qədər Aydan İsgəndərzadə ölkəmizdə və xaricdə təşkil olunmuş çoxsaylı konfraslarda iştirak edib və təltif olunub. O, çoxsaylı məqalə və “Uşaq Yetişdirmə Sənəti” adlı bir kitabın müəllifidir.

Türk dünyasının psixoloqlarını bir araya gətirən psixilogiya zirvəsində ölkəmizi Dr. Aydan İsgəndərzadə təmsil edəcəcək



Türk dünyası bu payız bir ilkə imza atacaq. Türkiyənin ən çox seçilən təhsil və inkişaf platforması Alfa Activity 2022-ci ilin zirvəsini təqdim edir! 16-26 oktyabr 2022-ci il tarixlərində baş tutacaq Psixilogiya Sammitində ölkəmizdən və Türkiyədən olan psixoloqlar iştirak edəcək.

Youtube üzərindən onlayn şəkildə yayınlanacaq seanslara link vasitəsilə 20 gün ərzində yenidən baxmaq mümkün olacaq. Proqram onlayn şəkildə təşkil olunduğu üçün evdən, işdən və ya istənilən yerdən rahatlıqla qatılmaq mümkün olacaq.

Aydan İsgəndərzadə: "Cəmiyyətdə davranışlara daha çox fikir verilir"

AMMA O DAVRANIŞLARIN ARXASINDAKI DUYĞULARI SORĞULAMAQ KİMSƏNİN AĞLINA GƏLMİR"


Müsahibimiz "Azərbaycan Psixiatriyasına Dəstək" İctimai Birliyinin sədri, "Nefes" Psixi-Sağlamlıq Akademiyasının uzman psixiatrı, uşaq və yeniyetmə psixiatrı Aydan İsgəndərzadədir. Aydan xanımla uşaq tərbiyəsi, yeniyetmələrlə münasibət, məktəbə getməyə hazırlaşan uşaqların psixoloji hazırlığı və digər bu kimi önəmli məsələlərdən danışdıq.

- Aydan xanım, uşaq psixikasında sizi cəlb edən nə idi ki, bu sahəyə yönəldiniz?

- Mən uşaqları çox sevirəm. Əvvəldən arzum ginekoloq olmaq idi. Səbəbi də dünyaya uşaqlar gətirərək onlarla təmasda olmaq idi. Sonra tale elə gətirdi ki, ginekoloq bəylə ailə həyatı qurdum və bu sahənin nə qədər çətin olduğunu gördüm. Bir evdə iki ginekoloqun çox olacağını düşünərək, uşaqlarla təmas yarada biləcəyim başqa bir sahəni - uşaq və yeniyetmə psixiatriyasını seçdim. Psixiatriya Türkiyədə iki ayrı istiqamətdədir: yetişkin psixiatriyası və uşaq-yeniyetmə psixiatriyası. Əfsuslar olsun ki, bizdə bu sistem hələ tam oturuşmayıb. Uşaq və yeniyetmə psixiatriyası ixtisası rezidenturada bu il açıldı. Bu istiqaməti həm də ona görə seçdim ki, böyüdükdən sonra bəzi düşüncələri, duyğuları, yaşantıları dəyişmək çətindir. Uşaqlarda isə belə deyil. Uşağa təsir edib, dəyişmək daha asandır. Həmçinin, şəxsiyyətin və cəmiyyətin formalaşması uşaqlıqdan başlayır. Əgər biz parlaq gələcək istəyiriksə, uşaqlarımıza nəzər yetirməliyik. Mən də millətimin və xalqımın daha sağlam gələcəyi üçün uşaqlarla işləməyi seçdim.

- Uşaq psixologiyasını öyrənə-öyrənə keçmişə, öz uşaqlığınıza və ailənizə nəzər salanda sizə qarşı hansı yanlışlıqları gördünüz?

- Biz valideynliyi öz valideynlərimizdən öyrənirik. Bəzən öz üzərimizdə bu səhvlərin fərqinə varmaq çətin olur. Bir insanın özünə ayna tutması daha çətindir. Cəmiyyətimizdə bəzi məqamlarda hələ də davam edən tabular, sərt qaydalar var. Mən onları dəyişməyə çalışıram. Məsələn, öz həyatımdan bir misal çəkim. Dörd yaşım vardı, iki bacı idik, qardaşımız doğulmamışdı hələ. Nənəm elə hey bizə "həyətə düşəndə birdən oğlanla oynayarsınız. Atanız oğlanla oynadığınızı görsə, sizin də başınızı kəsər, onun da" - deyirdi. Bunu o qədər dedi ki, 6 yaşımızdan sonra biz həyətə düşməməyə başladıq. Halbuki atamız belə bir qadağa qoymamışdı. Sadəcə qorxurduq. Cinsi ayrı-seçkilik mənim uşaqlıq travmamdır. Ona görə də çalışıram bu sahəyə daha çox diqqət yetirim. Qızlarımızı da oğlanlarımız kimi güclü böyütməliyik. Uşaqlara cinsi təlim verilməli, cinsi mədəniyyət öyrədilməli və cəmiyyətimizdəki rollar bir az gözdən keçirilməlidir, deyə düşünürəm.

- Dediyiniz kimi, qız və oğlan uşaqlarına verilən tərbiyə də kəskin fərqlənir. Bu fərq tamamilə aradan qaldırılmalıdırmı, yoxsa cüzi də olsa, olmalıdırmı?

- Keçən günlərdə yeni bir statistika açıqlandı ki, Azərbaycan selektiv aborta görə dünyada birinci yerdədir. Yəni hələ uşaq doğulmadan biz onun cinsi ayrı-seçkiliyini aparırıq. Bu yanaşma dəyişmədikcə, biz dünyaya gəlmiş uşaqlarla bağlı elə də ciddi yol qət edə bilmərik. Əlbəttə, eyni deyilik. Həm bioloji, həm fiziki, həm də psixi olaraq fərqliyik. Eyniləşdirmək mümkün deyil. Heç məqsədimiz də bu deyil. Sadəcə olaraq, hər ikisini bir-birindən daha zəif, ya da daha üstün tutmamalı, olduğu kimi qəbul etməliyik. Uşaqlara uşaqlıqdan etibarən fərqliliyimizi uyğun dildə anlatmalıyıq ki, sabah uşaq öz bədənindəki fərqliliyi kəşf edib, ondan qorxmasın, nə olduğunu bilsin. Ev içində bacı-qardaş münasibətlərinə diqqət etməliyik. Üç bacıdan sonra doğulan qardaş fərqlilik görməməli, üstünlüyə sahib olmamalıdır. Hamısı eyni tərbiyə görməlidir. Təkcə davranışımız yox, baxışımızla, səs tonumuzla da bunu hiss etdirməliyik. Həmçinin, uşaqlar məktəbə gedəndən sonra müəllimlərə də bu aspektdə ciddi iş düşür.

- Peşənizin əsas çətinlikləri nələrdir?

- Əslində, uşaqla yox, onların valideynləriylə işləyəndə çətinlik çəkirəm. Çünki yetişkin psixiatrların yanına təkcə pasiyent gəlir. Bizdə isə uşaqla birgə valideynləri, qohumları, ən yaxın qonşuları və s. gəlir. Buna görə də bizim müayinəmiz qələbəlik mühitdə keçir. Bu, bəzən yorucu olur. Digər tərəfdən hələ özü yeniyetmə olan, ya yaşı az, ya da düşüncəsi o qədər də inkişaf etməmiş valideynlər gəlir ki, görürsən, onlar hələ özləri tam yetişməyiblər, uşağı necə yetişdirəcəklər. Bu cür təşvişli valideynlərlə işləmək də bəzən çətinlik yaradır. Uşaqlar isə o qədər təmiz, safdırlar ki, onlarla işləmək çox asandır. Təəssüf ki, cəmiyyətimizdə davranışlara daha çox fikir verilir, amma onun arxasındakı duyğuları sorğulamaq kimsənin ağlına gəlmir. Uşaq qarşıma gələndə mən onun davranışına yox, duyğusuna fikir verəndə onun gözündə elə bir sevinc parıldayır ki, bu da məni ən çox mutlu edən an olur.

- Cəmiyyətimizdə uşaqlarda rastlanan ən çox psixi problemlər nələrdir?

- Əfsus ki, respublikamızda bu sahədə ciddi və geniş elmi tədqiqatlar aparılmayıb. Əslində, bu, dünyada da çox gənc bir elmdir. Uşaq və yeniyetmələrdə diqqət əskikliyi və hiperaktiv pozuntu, autizm inspektor pozuntusu, təşviş və duyğu pozuntuları, depressiya ən çox gördüyümüz xəstəliklərdir. Ailələri maarifləndirməyə çox ehtiyac var. Çünki bu cür xəstəliklər bəzən xarakterə yozulur. Halbuki bunlar xarakter deyil, xəstəlikdir.

- Bəs uşaq tərbiyəsində rastlanan əsas problemlər hansılardır?

- Gənc valideynlər valideynliyi necə edəcəklərini bilmirlər. Müasir dövrdə insanlar ikiləm arasındadır. Demokratik valideyn olmağa çalışıb, "uşağa sərbəstlik verim" fikrini yanlış yozanlar da var, keçmişdən qalan düşüncəylə uşaqları ciddi nizam-intizamda saxlayanlar da. Buna görə valideynlər dillemda qalırlar. Nə vaxt ciddi olacaqlarını, nə vaxt uşağa sərbəstlik verəcəklərini bilmirlər. Hədsiz sərbəstlik uşağın şəxsiyyətinə ciddi zərbə vurur. İnsan müəyyən sərhədlərlə yetişməlidir. Nəqliyyatda bir işıqfor işləmədikdə, necə aləm bir-birinə qarışırsa, valideyn də nizam-intizam yaratmadıqda uşağa təsir edir. Ata-ananın sözü bir olmalıdır. Fikir ayrılıqlarını uşağın yanında müzakirə etməməlidirlər. Yoxsa uşaq bundan istifadə edir, onu dəstəkləyən tərəfə meyllənib, istəklərini onun əliylə etdirir. Sabah bu uşaq çətinə düşəndə və yanında bir böyük tapmayanda böyük problemlər yaşayacaq. Valideynlərin sözü bir olmalıdır. Həmçinin, ya çox sərt, ya çox yumşaq olmaq olmaz.

- Bir ay sonra məktəblər açılır. İlk dəfə məktəbə gedəcək uşaqların valideynləri hazırlıqlara başlayıblar artıq. Məktəbəqədər təlimə və 1-ci sinfə gedən uşaqlar buna psixi necə hazırlaşdırılmalıdırlar?

- Məktəbin nə olduğunu uşaqlar bilmir. Ona görə onu məktəbdə nə gözlədiyini o gün gəlmədən ona göstərməlisiniz. Uşağınıza məktəb seçərkən onu da yanınızda aparın və məktəbləri onunla birgə gəzin. Uşaq məktəbi görsün, içini gəzsin, orada nə qədər vaxt keçirəcəyini, müəlliminin kim olacağını bilsin. Seçim qarşısında qalanda uşağın da fikri soruşulsun. Əfsus ki, bu dəqiqə təhsil sistemində gördüyüm ən böyük problemlərdən biri uşağın hansı müəllimin sinfinə düşəcəyinin öncədən bilinməməsi və ibtidai siniflərdə hər il müəllimin dəyişdirilməsidir. Xüsusən, özəl məktəblərdə bunları daha çox müşahidə edirəm. Müəllim cəmiyyəti formalaşdıran varlıqdır. Uşağımızı hansı müəllimə verəcəyimiz çox vacibdir. Çünki uşaq gününün çoxunu onunla keçirəcək. Müəllim onunçün rol-model, bağlanma fiquru və onu həyata hazırlayan insan olacaq. Müəllim hər il dəyişdikdə uşağın dünyaya olan güvəni sarsılır. Çünki bir müəllimə bağlanır, onun tədrisinə, aurasına, təfəkkürünə alışmağa çalışır və bir anda fərqli insan gəlir. Bu da uşağın düzənini alt-üst edir. Necə ki, davamlı dayə dəyişilməsini istəmiriksə, müəllim dəyişilməsini də istəmirik. Həmçinin, uşağın məktəb alış-verişini onunla birgə etməsi onu həvəsləndirəcək. Qonşuda-qohumda onunla birgə oxuyacaq uşaqlar varsa, öncədən tanış olması, onun həmin mühitə tez adaptasiyasına kömək edəcək. Bağçanın və məktəbəqədər təlimin də uşağın məktəbə alışmasında böyük rolu var. Ona görə uşağını 3 yaşından sonra bağçaya verməyi bütün valideynlərə tövsiyə edirəm.

- Bir az da yeniyetmələrdən danışaq. Fikrimcə, bizim cəmiyyətdə yeniyetmə psixologiyası o qədər də önəmsənmir. Halbuki ən həssas dövrdür. Əslində necə davranmalıyıq?

- Uşaqlığı düzgün ələ alınan biri yeniyetməliyi daha asan keçir. Birinci yeniyetməlik 2 yaş dövründə olur. Bu dövrdə uşağa düzgün yanaşmışıqsa, onun yeniyetməliyi də asan keçəcək. Yeniyetmə səsi qırılan, anasına, atasına çəmkirən varlıq deyil. Yeniyetmə fizikən yetişmiş, amma zehni inkişafı, emosional düşüncəsi yetişkin qədər olmayan biridir. Yetişkində düşünən beyin, yeniyetmədə isə emosional beyin daha aktiv rol oynayır. Buna görə də bir yeniyetmə düşüncəsini yox, duyğusunu dilə gətirir. Biz yeniyetmənin güclü duyğulardan ibarət olduğunu, amma bu duyğuları idarə edə bilmədiyini anlamalıyıq. O, nə uşaqdır, nə yetişkin. Bu dövrdə o, araşdırma içindədir, özünü tapmağa çalışır. Bu dövrdə uşağın ailədən uzaqlaşması da normaldır. Yeniyetmənin həyatına sonradan daxil olmaq, fikirlərinə təsir etmək çətindir. Ona görə də təməli ondan əvvəlki dövrdə atmalıyıq. Məsələn, uşağımıza yaxşı dost çevrəsi seçərək. Çünki uşaq ətrafındakı dostları, tanışlarıyla böyüyəcək. Yeniyetmə yaşına çatan birinə "sənin dostunu bəyənmirəm" deməkdənsə, təməli doqquz yaşında atıb, onun yeniyetməliyini keçirəcək mühiti həmin vaxtdan hazırlamalıyıq.

- Fikrimcə, ailələrin övlada yanaşmasında iki əsas yanlış da var. Birincisi, hər cür şiddət, xəyanət görən, yola getməyən ər-arvadın "uşağım var" deyib, bunu davam etdirməsi, ayrılmaması, ikincisi isə, ayrılan insanların qarşı tərəfi cəzalandırmaq üçün uşaqdan istifadə etməsi. Bu hallarda uşaq necə zərər görür?

- Hər ikisi uşaq üçün çox zərərli və təhlükəli haldır. Bunun da təməli ən başda atılır. Bizim cəmiyyətdə evliliyi qurtarmaq, nəsli davam etdirmək, birinci övlada həyan olmaq üçün dünyaya gətirilən uşaqlar çoxdur. Bu niyyətlər belə uşaq dünyaya gəlmədən onun taleyini çözür. Hamilə qalarkən belə hansı niyyətdə olmağımız çox önəmlidir. Təbii ki, bu tip missiyalarla dünyaya gələn uşaq sabah gözlənilən alınmayanda ən çox zərbə çəkən tərəf olur. Uşağın xətrinə hər şeyə dözəndə ona yaxşılıq etmiş olmuruq. Uşağın ehtiyacı olan şey sağlam valideynlərdir. Bu, həm də psixi, emosional sağlamlıqdır. Uşaq gözündə kədər gördüyü anayla, qəzəb gördüyü atayla xoşbəxt ola bilməz. Sabah bu, uşağın başında qaxınca da çevrilir və uşaq bu yükün altında əzilir. Xeyr, uşaqların sizdən belə bir istəyi olmayıb. Siz evliliyinizi qoruyursunuzsa, özünüz üçün edirsiniz, dağıdırsınızsa, yenə özünüz üçün etməlisiniz. Boşanmaq da bir mədəniyyət tələb edir. Boşananda ata-ana yox, ər-arvad boşanır. Bu zaman uşağı silaha çevirmək olmaz. Əks halda ən böyük güllə o uşağın ürəyinə dəyir.

"Uşaqlarımızın psixiatrik sağlamlığı dövlət siyasətimizin əsas prioritetlərindəndir"

Aydan xanım, tez-tez xarici ölkələrdə beynəlxalq konfranslarda elmi məruzələrlə çıxışlar edirsiniz, sosial şəbəkələrdə aktiv maarifləndirmə fəaliyyətiniz, yerli treninq və təlimlərdə davamlı iştirakınız diqqət çəkir. Bundan əlavə, regionlara gedərək şəhid, qazi və aztəminatlı ailələrin uşaqlarına təmənnasız tibbi xidmət göstərməniz. Rəhbəri olduğunuz "Azərbaycan Psixiatriyasına Dəstək" İctimai Birliyi həm tibbi, həm də sosial çevrədə müsbət imic qazanıb. Söhbətə də gəlin elə bundan başlayaq, əvvəlcə özünüzü oxuculara təqdim edin.


- 2014-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 2016-2020-ci illərdə İstanbul Universitetinin Tibb fakültəsinin Uşaq və yeniyetmə psixiatriyası ixtisasında uzmanlıq təhsili almışam.


İstanbul Universitetinin Tibb Fakültəsinin Uşaq nevrologiya bölməsində asistant həkim olaraq çalışmışam. 2021-dən indiyə kimi "Nefes" Psixi-Sağlamlıq Akademiyasında Uşaq və Yeniyetmə Psixiatriyası ixtisasında uzman həkim olaraq çalışıram. Dünya şöhrətli psixiatriya alimləri - Prof. Dr. Nusret Soylu, Prof. Dr. Roy Kiessling, Leigh Povia, Prof. Dr. Zümra Atalay və digərləri tərəfindən təşkil edilən çoxsaylı beynəlxalq treninq-təlimlərdə iştirak edərək sertifikatlara layiq görülmüşəm. Çoxlu sayda Psixiatriya konqresləri, simpoziumları və konfranslarında məruzələrlə çıxış etmişəm. Türkiyə Tibb Dərnəyinin, Türkiyə Psixiatriya Dərnəyinin və Türkiyə Uşaq və Yeniyetmələr Psixiatriyası Dərnəyinin üzvüyəm. Ankarada fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Psixiatriya sektoruna rəhbərlik edirəm.

Bu gün ölkəmizdə uşaq psixiatriyası sahəsində vəziyyət necədir?

Əvvəlcə uşaq və yeniyetmə psixiatriyası nədir, hansı problemlərlə məşğul olur mövzusuna aydınlıq gətirmək istəyirəm. Hər bir insanın həyatında həm fizioloji quruluş, həm də xarakter formalaşması baxımından ən çox inkişaf və dəyişiklik uşaqlıq və yeniyetməlik dövrlərini əhatə edən 0-18 yaş aralığında baş verir. Bu dövrü əhatə edən uşaq və yeniyetmə psixiatriya sahəsinin məqsədi uşaqların sağlam psixi inkişafını təmin etmək və mümkün problemlərə qarşı profilaktik tədbirlər görməkdir. Çünki uşaqlar və gənclər yetkin insanlar ilə müqayisədə ailə, ətraf mühit və sosial amillərdən daha çox təsirlənən fərdlərdir. Ən kritik dövr hesab edilən uşaqlıq və yeniyetməlik yetkinliyə keçid üçün ilkin hazırlıq mərhələsidir. Bu dövrdə baş verən hər hansı bir dəyişiklik təkcə bu dövrlə məhdudlaşmayacaq, onların həyatına gələcək istiqamət verəcək təsirlərə malikdir. Bu yaş aralığında yarana biləcək hər cür psixi, emosional, davranış problemləri mütəxəssis tərəfindən yaxından müşahidə edilir, psixopedaqojik müdaxilələr yetərli olmadıqda müalicə olunur. Uşaq psixiatriyasının məqsədi əsasən xəstəliklərin baş verməzdən əvvəl qarşısını almaqdır. Mövcud xəstəlik varsa, patologiyanı aşkarlamaq və ən uyğun müalicə yöntəmini tətbiq etmək kimi öhdəlikləri var. Davamlı inkişafda olan uşaq və yeniyetmələrin fiziki və psixi strukturları böyüklərdən fərqləndiyi üçün daha orijinal anlayışları ehtiva edən psixolojik müayinə, müşahidə və müalicə proseslərini tələb edir. Bu səbəbdən yetkinlərin psixi sağlamlığını və xəstəliklərini araşdıran "Psixiatriya" sahəsi xaricində uşaqlıq və yeniyetməlik dövrlərinə diqqət yetirən Uşaq və Yeniyetmə Psixiatriya sahəsi son yarım əsrdə inkişaf etməyə başlamışdır. Demək olar ki, hər yaş, yetkinləşmə prosesində irəliləyən uşaqlıq və yeniyetməlik fərdlərində fərqli mənəvi inkişaf prosesini ifadə edir. Bu səbəbdən "Uşaq və yeniyetmə psixiatriyası" sahəsi müxtəlif inkişaf dövrlərinə uyğun gələn psixoloji strukturlar, ailə quruluşu və ətraf mühit faktorları ətraflı araşdırılır, uşaq və yeniyetmənin psixoloji inkişaf mərhələsi müəyyən edilir, mümkün problem və xəstəliklər aşkarlanaraq lazımi diaqnostika, müalicə və nəzarət prosesləri uğurla tətbiq edilir. Uşaq psixiatriyası pediatrlar, uşaq nevroloqları, psixoloqlar, defektoloqlar ilə sıx əlaqə və əməkdaşlıq içərisində olan bir tibb sahəsidir. Uşaq və yeniyetmələrdə psixi, emosional və davranış problemlərinin erkən aşkarlanması, qarşısının alınması və müalicəsinə yönəlmiş "Uşaq və yeniyetmə psixiatriyası" tibb sahəsi ölkəmizdə də mütəxəssis sayının günü-gündən artdığı sahələrdən biridir.

Hazırda xəstələrin ən çox müraciət etdikləri problemlər hansılardır?

Əslində, uşaq psixiatrına sadəcə bir patologiya olduğunda müraciət edilmir. Normal psixi və emosional inkişaf, düzgün yuxu və yemə vərdişlərinin qazanılması, valideynlik rollarının müəyyənləşdirilməsi, düzgün nizam-intizam tədbiq edilməsi də bu sahədə görülən işlər arasındadır. Hətta əgər valideynlərdən birində psixi problem, ailədə kiçik yaşında psixi problem aşkarlanan başqa uşaqlar varsa, cütlük arasında uyumsuzluq və ya valideynlik roluna hazır hiss etməmə kimi problemlərin müzakirəsi, qarşısının alınması və aşkarlanması üçün uşaq dünyaya gəlmədən öncə psixiatra müraciət etmək çox vacibdir. Uşaqda heç bir psixoloji problem olmasa belə, məsləhət alma və dəyərləndirmə qoruyucu tibb adına mühüm rol oynayır. Məsələn, uşağın gündəlik həyatına, məktəbdəki uğurlarına, ailə münasibətlərinə və dostluğuna mənfi təsir göstərən, ancaq funksionallığında ciddi emosional və davranış pozuntusu yaratmayan problemlərin varlığında da müraciət edilməlidir. Konkret sualınıza gəldikdə isə, uşaq və yeniyetmə psixiatrına müraciət səbəblərini əslində yaşa görə qruplaşdıra bilərik. 0-3 yaş arasında nitq pozuntusu (kəkələmə, nitqin gecikməsi), qlobal inkişaf ləngiməsi, autizm spekt pozuntusu, yuxu və yemək problemləri; 3-6 yaş arasında diqqət əksikliyi hiperaktiv pozuntu, təşviş pozuntusu, məktəb fobiyası, tualet vərdişlərində geriləmə (yataq islatma, qeyri-üzvi qəbizlik); 6-12 yaş arasında davranış pozuntusu (itaətsizlik, müxalifətçilik, yalan danışmaq, icazəsiz bir şey almaq), öyrənmə pozuntusu (disleksiya), obsesif-kompulsif pozuntu, üzvi səbəblərlə izah edilə bilməyən baş ağrısı, qarın ağrısı kimi psixosomatik şikayətlər; yeniyetməlikdə isə internet və kompüter texnologiyalarından həddindən artıq istifadə, depressiya, intihar düşüncələri, özünə zərər vermə, sosial fobiya, şəxsiyyət məsələləri, cinsi inkişaf və cinsi problemlərləri, psixoz (şizofreniya və s.) və bipolyar pozuntu sıx qarşılaşdığımız problemlərdən bəziləridir.

Bu gün ölkəmizdə bu sahədə aparılan maarifləndirmə işlərini necə dəyərləndirirsiniz?

Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın uşaqların qorunmasına və psixi sağlamlığına göstərdikləri diqqət və qayğını hər kəs kimi mən də yüksək qiymətləndirirəm. Heydər Əliyev Fondu, "Regional İnkişaf" İctimai Birliyi (RİİB), Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə keçirdiyi bir çox layihənin icrasında fəal iştirak edirəm. 2019-cu ildən etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin birgə icra etdiyi "Erkən Uşaqlıq Dövründə İnkişaf" (EUDİ) layihəsindən bəhs etmək istəyirəm. Layihənin əsas məqsədi 8 yaşadək uşaqların sosial, fiziki və əqli inkişafı, sağlamlığı, düzgün qidalanması, təlim-tərbiyəsi, uşaqlarda inkişaf dinamikasının izlənməsi və inkişafın stimullaşdırılması ilə bağlı valideynləri və digər maraqlı tərəfləri maarifləndirmək, bu sahədə çalışan səhiyyə, təhsil və sosial xidmətlər üzrə mütəxəssislərin potensialını artırmaqdır. Layihənin icrası müddətində bu il ərzində mən də daxil olmaqla ölkəmizin bir çox təcrübəli psixiatrları, pediatrları, ginekoloqları, nevroloqları ilə birgə Gəncə və Şirvan şəhərləri, Ağcabədi və Abşeron rayonlarında geniş maarifləndirmə işlərinin aparılmasında, fiziki və psixi problem yaşayan əhalinin muayinə və müalicəsində ciddi işlər görülüb. Bu sahədə görülən böyük və məqsədyönlü işlər haqqında bu yaxınlarda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, TƏBİB-in dəstəyi ilə keçirilən "Uşaq və yeniyetmə zorakılığına tibbi-psixoloji yanaşma" konfransındakı çıxışım zamanı ətraflı toxunmuşam.

Aydan xanım, bir qədər də rəhbəri olduğunuz "Azərbaycan Psixiatriyasına Dəstək" İctimai Birliyinin fəaliyyəti haqqında danışardınız.

Birliyin əsas məqsədi Azərbaycanda psixiatriyanın mahiyyətinin və əhəmiyyətinin cəmiyyətin hər bir üzvü tərəfindən dərk edilməsinə nail olmaq, bu xəstəliyin müalicəsinə və aradan qaldırılmasına ictimai marağın güclənməsinə yardım etməkdən ibarətdir. Əsas hədəflərimiz bunlardan ibarətdir: psixiatriya xəstəliyindən əziyyət çəkən insanların sağlamlıq problemlərinin həllində onlara dəstək olmaq, erkən yaşlarda uşaqların psixiatrik xəstəliklərini araşdırmaq, onların yaranma səbəblərini aradan qaldırmağa yardım etmək, psixiatriya xəstəliklərindən əziyyət çəkən insanların cəmiyyətin mərhəmət və qayğı obyektinə çevrilməsinə cəhd etmək, vətəndaş cəmiyyətində psixiatriya sahəsində maarifçilik fəaliyyətini həyata keçirmək və genişləndirmək, autizimli uşaqların ata və anaları üçün maarifləndirmə işlərini gücləndirmək və uşaqlarda cinsi tərbiyə sahəsində maarifləndirmə işləri aparmaq.

“Hazırlayacağım kitab valideynlər üçün çox böyük töhfə olacaq” - Psixiatr

“Təəsüf ki, cəmiyyətimizdə psixiatrik xəstəliyə tutulma, psixoloq və ya psixiatra müracirə etmək, dəstək almaq hələ də günümüzdə insanlar üçün qəribə və izahı çətin kimi qəbul edilən məsələdir”.

Modern.az xəbər verir ki, bu fikirləri AzEdu.az-a açıqlamasında "Azərbaycan Psixiatriyasına Dəstək" İctimai Birliyinin sədri, "Nefes" Psixi-Sağlamlıq Akademiyasının uzman psixiatr Aydan isgəndərzadə deyib. Uzman psixiatrla geniş müsahibəni təqdim edirik:

Aydan xanım İsgəndərzadə, "Azərbaycan Psixiatriyasına Dəstək" İctimai Birliyinin sədri, "Nefes" Psixi-Sağlamlıq Akademiyasının uzman psixiatrısınız. Öncə, oxucuların Sizi daha yaxından tanıması üçün barənizdə ətraflı məlumat vermənizi xahiş edərdik…

- 2014-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 2016-2020-ci illərdə İstanbul Universitetinin Tibb fakültəsinin Uşaq və yeniyetmə psixiatriyası ixtisasında uzmanlıq təhsili almışam. İstanbul Universitetinin Tibb Fakültəsinin Uşaq nevrologiya bölməsində asistant həkim olaraq çalışmışam. 2021-dən hal-hazıra kimi “Nefes” Psixi-Sağlamlıq Akademiyasında Uşaq və Yeniyetmə Psixiatriyası ixtisasında uzman həkim olaraq çalışıram.

Dünya şöhrətli psixiatriya alimləri Prof. Dr. Nusret Soylu, Prof. Dr. Roy Kiessling, Leigh Povia, Prof. Dr. Zümra Atalay və digərləri tərəfindən təşkil edilən çoxsaylı beynəlxalq treninq-təlimlərdə iştirak edərək sertifikatlara layiq görülmüşəm. Çoxlu sayda Psixiatriya Konqresləri, simpoziumları və konfranslarında məruzələrlə çıxış etmişəm. Türkiyə Tibb Dərnəyinin, Türkiyə Psixiatriya Dərnəyinin və Türkiyə Uşaq və Yeniyetmələr Psixiatriyası Dərnəyinin üzvüyəm. Ankarada fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Psixiatriya sektoruna rəhbərlik edirəm. Azərbaycan, ABŞ, Almaniya, Türkiyə, Rusiya və digər ölkələrin yüksək impakt faktorlu, nüfuzlu jurnallarında elmi məqalələrim dərc olunub.

Uşaq və yeniyetmə psixiatriyası ixtisası üzrə mütəxəssissiniz. Sağlam fiziologiyaya, psixikaya sahib fərdin formalaşmasının əsas bazası məhz uzmanı olduğunuz uşaq və yeniyetməlik psixiatriyasının daxilində cəmlənib. Belə bir vacib istiqamətlə məşğul olmaq Sizə iş prosesində nə kimi çətinliklər yaşadır?

- Haqlısınız. Çünki biz sadəcə uşaqlarla işləmirik. Sadəcə uşağın psixi-emosional vəziyyətini stabilləşdirməklə istədiyimiz nəticəni ala bilmirik. Burada önəmli olan ailə dinamikalarını görmək, dəyərləndirmək, valideynlik modelini müşahidə edib, problemin həllində yanaşmalarına diqqət yetirib, səhv olanlarını istiqamətləndirmək, düzgün və qənaətbəxş yanaşmanın altını çizərək valideynlik rolunu təşviq etmək işimizin bəlkə də ən çətin hissəsidir. Gündəlik yaşantımda ixtisasımın verdiyi digər ən böyük çətinlik də ana rolu ilə həkim-psixiatr rolunu ayrı tutmaqdır. Çünki bəzən doğruları bildiyimizdə bunun hər birini uyğulamağa çalışırıq. Ancaq bu özündə bəzən çətinliklər də doğurur. Sanki səhv etməyə şansımız yoxmuş kimi özümüzə qarşı həddindən artıq tənqidi yanaşırıq. Müraciət edən analara da, özümə də tez-tez xatırlatdığım bir cümlə var. Məqsədimiz mükəmməl ana olmaq deyil, kifayət qədər yaxşı ana olmaqdır. Analıq vəzifəmizi əlimizdən gəldiyi qədər diqqət yetirərək uyğuladığımızda sağlam bir övlad yetişdirmək mümkündür. Çünki bəzən xoşbəxt övlad böyütməyin sirri olaraq valideynlər hər şeyin mükəmməl olmalı olduğunu, övladın ehtiyaclarını dəqiq və tam şəkildə qarşılamalı olduğunu və səhv etmə şanslarının olmadığını düşünürlər. Mən də bu valideynlər arasındayam. Ancaq yenə vurğuladığım kimi kifayət qədər yaxşı bir ana övladının ehtiyaclarına diqqət göstərə bilən, istəklərini başa düşən bir anadır. Kifayət qədər yaxşı bir ana özünün güclü və zəif tərəflərindən xəbərdar olan, eləcə də qüsurun insan olmanın normal bir hissəsi olduğunu qəbul edəndir. Buna görə qüsurlarımızın və səhvlərimizin ola biləcəyini unutmamağa anaları dəvət edirəm.

Uşaq və yeniyetmə psixologiyası ilə işləmək həm də gələcək üçün dəyərli, faydalı şəxsiyyət formalaşdırmaq deməkdir. Aydan xanım, yeniyetməni fərddən şəxsiyyətə doğru aparmaq Sizi çox yormur ki?

- Seansa başladığımda ilk olaraq valideynlərə “yeniyetməlik” qavramının nə olduğunu xatırladaraq söhbətə başlayıram. Yeniyetməlik dövrü yetişkənliyə atılan ilk addımdır. Yeniyetməlik uşaqlıq çağı ilə yetkinlik çağı arasında çox həssas bir keçid dövrüdür. Şəxsiyyətin formalaşdığı bu dövrdə yeniyetmə həyatın mənası və məqsədi nədir kimi suallara cavab axtarır və yeniyetmələrdə görülən dəyişikliklər onların sosial həyatlarını və özlərini dərk etməsinə təsir edir, bu dövrdə şəxsiyyətin formalaşması ilə cəmiyyətin bir üzvü olaraq öz yolunu tapması arasında tarazlıq mübarizəsi olduğunu dərk edir. Yeniyetməlik dövründə uşaqda fiziki, eləcə də duyğu və davranış olaraq diqqətə çarpan dəyişikliklər müşahidə edilir, ancaq valideynlər bu dəyişikliklərin bəzilərini qəbul edir, bəzilərini patologiya olaraq bilirlər. Halbuki belə deyil. Bir uşaq yeni bədəninə, sürətlə dəyişən hisslərinə, mənasız davranışlarına uyğunluq göstərmək və bunlara nəzarət etməklə bağlı problem yaşayırlar. Yəni, əslində yeniyetmənin gözündə bu dövr necə bir dövrdür bilirsinizmi? O özünü dünənki kimi uşaq görmür, valideynləri isə onların böyük kimi davranmasını artıq gözləyir. Ancaq fiziki olaraq böyük görünsə də, əqli olaraq tam yetkin zehnə çatmadığı üçün etdiyi davranışlar cəmiyyət və ailə tərəfindən qəbul edilmir. Yeniyetməlik dövrü bir axtarış dövrüdür və bu axtarışlarda onlara bir sözlə dəstək olmaq valideynlərin borcudur deyə düşünürəm.

Uşaq və yeniyetmələrdə psixi, emosional və davranış problemlərinin erkən aşkarlanması və bu yöndə lazımı tədbirlərin görülməsi təəssüf ki, Avropa ölkələrinə nisbətən bizdə o qədər də çox valideyn marağında olmur. Bu cür cəmiyyətdə uzmanı olduğunuz tibb sahəsininin mütəxəssisləri, eləcə də Sizin üçün iş prosesində nə kimi əlavə problemlər yaranır?

- Təəsüf ki, cəmiyyətimizdə psixiatrik xəstəliyə tutulma, psixoloq və ya psixiatra müracirə etmək, dəstək almaq hələ də günümüzdə insanlar üçün qəribə və izahı çətin kimi qəbul edilən məsələdir. Ancaq bu vəziyyətin sonunda bugünkü həyat şəraiti, stresin təsiri və böyük şəhərdə yaşamağın səbəb olduğu gərginlik və çətinliklər geniş ailə quruluşlarından daha izolyasiyalı həyat tərzinə keçid kimi səbəblərdən psixoloji dəstək alan və ehtiyac duyan insanların sayının artdığını görürük. Adətən valideynlər övladında problem olduğunu görsələr də onu psixiatra aparsam gələcəkdə bu problem kimi onun qarşısına çıxarmı, işə qəbul olunarkən bununla üzləşərmi kimi düşüncələr səbəbi, el-aləm nə deyər narahatlığı ilə psixiatra getməkdən çəkinirlər və nəticədə təəssüf ki, bu problemlər böyüyərək bəzən xronik hal alır və sonrasında həyat keyfiyyətində də ciddi mənfi təsir müşahidə olunur. Ancaq valideynlər gündəlik həyatında yaşadıqları bir çox problemlər üçün əslində vaxtında psixiatr dəstəyi alsalar, bir çox problemin asanlıqla həll oluna biləcəyindən bixəbərdirlər. Bir çox insanlar üçün əfsuslar olsun ki, hələ də psixoloq və ya psixiatra müraciət etmək qorxu olaraq qalır və valideynlər övladlarını psixiatra aparmaq yerinə problemlərin həlli üçün müxtəlif üsulları sınayırlar, ancaq son çarə olaraq mütəxəssisə müraciət etməyə məcbur olurlar. Ancaq bu vəziyyət problemin daha dərinləşməsinə, ailədə ümidsizlik, çarəsizlik və problemin həlli olmayacağı yönündə gələcəkdə müalicənin doğura biləcəyi neqativ sonuclara gətirib çıxarır. Verilən suala cavab olaraq yenə vurğulamaq istəyirəm ki, necə ki yeni doğulan uşağın normal inkişafının izlənməsi üçün pediatra müraciət edilirsə, eləcə də heç bir problem olmadan uşağın psixi-emosional vəziyyətinin izlənməsi, problemlərin aşkarlanması və ya ailə dinamikası ilə bağlı olaraq ortaya çıxa biləcək fəsadların önləmlənməsi üçün onların uşaq psixiatrı nəzarətində olması çox vacibdir. Pediatrların normal inkişaf təqibində, eləcə də problemli situasiyalarda uşağı müşahidə etməsi kimi, uşaq və yeniyetmə psixoloqu-psixiatrı şikayətlərin olub-olmamasından asılı olmayaraq psixoemosional inkişafın müşahidəsi üçün uşağa və ailəyə dəstək olmalıdır. Uşaq tədricən fiziki inkişafında yetkinləşdikcə psixoloji və sosial cəhətdən də inkişaf edir və müxtəlif dövrlərdən keçir. Bu dövrlərin tanınması, valideynin rəftar və davranışlarının nəzərdən keçirilməsi, şüurlu davranışa təşviq edilməsi uşağın sağlam psixi statusda formalaşması üçün vacibdir.

Bildiyiniz kimi, Azərbaycan məktəblərində təhsildə psixoloji yardımla məşğul olan, el arasında “məktəb psixoloqları” adlanan şəxslər var. Onların fəaliyyəti çox formaldır. “Məktəb psixoloqları”na uzman-həkim olaraq nə kimi tövsiyələriniz olardı?

- Əslində bağça, məktəb, yəni tədris müəssisələri uşağın sadəcə akademik cəhətdən inkişaf etdiyi yerlər deyil. Uşağın emosional, psixi, sosial sahələrinin də inkişafına ciddi təsir göstərən müəssisələrdir. Buna görə bağçaya, məktəbə gedən bir uşağın həyatının, gününün böyük hissəsi orada keçdiyi üçün onun yaşadığı xoş və naxoş hallar, uşağın fiziki, emosional fonunda ciddi bir izlər buraxır, ona görə də məktəb psixoloqlarının gördükləri işin ilk başda əhəmiyyətini vurğulamaq istəyirəm. Çünki valideyn uşaqla o qədər çox vaxt keçirmir, uşağının yanında ola bilmir, xüsusilə işləyən bir valideyndirsə. Ona görə də, əslində psixoloqlar bir çox psixi, emosional və davranış problemi olan uşaqlarda mövcud olan simptomları erkən aşkarlayıb bunu ailə ilə paylaşsa uşağın bəlkə də bütün həyatına təsir edəcək addım atmış olar. Məktəbə qədərki dövrdə psixoloqlar uşaqda yeni yaranmış narahatlıq, içinə qapanıqlıq, hiperaktivlik müşahidə edirsə, sosial ünsiyyətdə zəiflik, zehni inkişafın geri olduğunu, uşağın təkrarlayıcı davranışlarını aşkarlayırsa bunu mütləq bir şəkildə ailə ilə paylaşması önəmlidir. Bununla yanaşı olaraq məktəb dövründə müəllimdən aldığımız bilgilər, eləcə də onların uşaqla bağlı müşahidələri bizim üçün çox əhəmiyyətlidir. Uşağın diqqəti, hiperaktivlik dərəcəsi, öyrənmə qüsurlarının olub olmaması, dərsə qarşı münasibəti, yaşıdları ilə ünsiyyəti kimi müşahidələr psixi xəstəliklərin diaqnostikasında ciddi rol oynayır.

Məktəbdəki psixoloqlar çətin tərbiyə olunan şagirdlərlə işləməkdə çox çətinlik çəkir, bəzən bundan boyun qaçırırlar. Çətin tərbiyə olunan uşaq və yeniyetmələrlə iş prosesinin əsas uğur sirri nədədir?

Çətin tərbiyə olunan uşaq deyə stiqmaları davam etdirib, problemə bu çərçivədən yanaşsaq nəticədə müvəffəqiyyətli olma şansımız qalmır. Bizim üçün önəmli olan ilk başda uşaq və yeniyetmə ilə qurduğumuz münasibətdir. Bu münasibətin yaranması üçün ilk başda onu şəfqətlə, səbrlə, empatiya hissi ilə dinləməkdir. Bəzən bir problemi həll etmək üçün vəziyyətin nə olduğunu dinləmək kifayət edir. Mövcud bir davranış pozuntusu yaxud psixi-emosional fondakı dəyişikliklər çox vaxtı anidən yaranmaz. Burada mütləq olan problemlərin arxasındakı səbəbləri aşkarlamaqdır, daha sonra ortadan qaldırmaq; bu mümkün deyilsə, digər həll yolları üçün mütəxəssisə müraciət etməsi üçün ailəni düzgün istiqamətləndirməkdir.

Uşaq və yeniyetmələrin fiziki aktivlik göstəriciləri və qidalanmalarındakı problemlər onların psixoloji durumuna nə dərəcədə mənfi təsir edir?

- “Sağlam bədəndə sağlam ruh olar” deyimi burada yerinə düşür və insan həyatında fiziki sağlamlığın önəmini yenidən vurğulamış olur. Sağlam fiziki inkişafı təmin edən əsas iki faktor var. Yuxu və qidalanma. Ancaq bu iki faktorun önəmini bilsək də valideynlərin sərt və uyğunsuz yanaşmalarını görə bilirik. Sağlam və nizamlı bir yaşam üçün həyatımızda nizamlı və balanslı bir yuxu olması böyük zərurətdir. Çünki yaxşı yuxu, dincəlmiş bədən və düşünən beyin deməkdir. Ələlxüsus da inkişafda olan uşaqlar üçün bu çox vacibdir. Ona görə körpənin sağlam böyüməsi üçün sağlıqlı yuxu vərdişinə sahib olması mütləqdir. Yuxusuz qalan uşaq gün içində yorğun, gərgin, stresli, narahat olar və gündəlik həyat fəaliyyətlərini davam etdirməkdə çətinlik yaşaması ilə yanaşı olaraq öyrənmə bacarıqlarına da neqativ təsir göstərdiyini müşahidələrimizdə görürük. Sağlam fiziki inkişafı təmin etmək üçün düzgün qidalanma prosesi də çox vacibdir. Əgər uşağınız yemək seçirsə və seçdiyi yeməklərdən başqa yemək yemirsə, bu mövzuda diqqətli olmağınızı istəyirik. İştahsız bir uşağın yeməsi üçün valideynlər bəzən problemin həllində səhv üsullara əl atırlar. Bunlardan ən sıx yaşadığımız, gördüyümüz və müşahidə etdiyimiz uşağın yeməsi üçün onu elektron cihazlar qarşısında oturdub, yemə anını asanlaşdırmaq və bu prosesi daha da qısaltmaq üçün sevdiyi cizgi filmini açırlar. Ancaq bu metodlar gələcəkdə artıq çəki, ürək-damar problemlərinə gətirib çıxarmasıyla yanaşı yeməkdən zövq almama və öz seçimlərini edə bilməmə kimi vəziyyətlərə də gətirib çıxara bilər. Tövsiyəm odur ki, ilk başda uşağınızın iştahına diqqət yetirin, yeməyə məcbur etmək yerinə aclıq hiss etməsi üçün fürsət yaradın.

Bir çox xarici ölkələrdə beynəlxalq konfranslarda çıxış etməklə yanaşı, həmçinin, regionlarımızda da maarifçilik işi ilə məşğul olursunuz. Bölgələrimizdəki ailə institutu və bu istitutun uşaq-yeniyetmə ilə bağlı verdiyi qərarlar onları bir psixoloji varlıq olaraq nə dərəcədə məhv edir?

Daha öncədə vurğuladığım kimi bir uşaq və yeniyetməni dəyərləndirdiyimizdə sadəcə uşağa deyil, ailə dinamikalarına da nəzər yetiririk. Orada ailədaxili ünsiyyətin keyfiyyətinə, ana-ata rollarının qavrayışına və dinamik olmasına, uşağa olan yanaşmaya, cütlük arasındakı şəxsi münasibətlərə, uşağın həyatı üçün verdikləri qərarlarda iş birliyinə nəzər yetiririk və bu uşağın sağlam psixoemosional vəziyyətin inkişafı üçün vacib məsələlərdir. Əfsuslar olsun ki, bölgələrimizdə ailələrə nəzər yetirdikdə orda çox gənc yaşda ana-ata olmuş insanları görürük. Ancaq ana-ata rolu çox mürəkkəb rollardır və çox zaman bu rolu layiqincə yerinə yetirməkdə gənc insanlar çətinlik çəkirlər. Günümüzdə ailə birliklərinin sıx dağıldığını üzülərək görürük. Boşanma prosesi uşaq üçün bir psixi stress faktorudur və bütün həyatı boyu izlər buraxa biləcəyini hər an nəzərə alaraq, valideynlər boşanma zamanı verdikləri reaksiyalara, davranışlara önəm verməlidirlər. Müasir cəmiyyətdə cütlüklər müxtəlif səbəblərdən dolayı boşanma qərarı ala bilirlər. Hər iki tərəf üçün yetərli qədər ağrılı olan boşanma müddəti uşaqlar üçün də təsirlidir və dediyim kimi bu prosesdən ən az zərərlə, xəsarətlə çıxmaq üçün valideynlərin tutacağı mövqelər çox vacibdir. Uşağın yaşı neçə olursa olsun, boşanmadan əvvəl bu proses ona başa salınmalıdır. Boşanma əsnasında və boşanmadan sonra nələr olacağını, uşağın kimin yanında qalacağını, digər valideyni nə zaman görəcəyi, nə sıxlıqda ünsiyyət saxlıyacağı bilgisi verilməlidir. Ana atanın boşanması analıq atalıq rolundan vazkeçmək olmadığını açıq şəkildə uşağa deyilməli və davranışlarla da təsdiq olunmalıdır. Boşanmada uşaqların günahı olmadığını, onlar özlərini pis apardığı üçün bu vəziyyətə gəlmədiklərini və əvvəlki kimi onlara diqqət göstərəcəyinizi, birlikdə böyütməyə davam edəcəyinizi övladınıza bildirmək vacib və zəruridir.

Çox sadə, yaxud, bəlkə də mürəkkəb bir sual: Bizim uşaq və yeniyetmə niyə xaricdəki həmyaşıdı qədər sərbəst və rahat deyil?

- Uşaq böyütmək əslində bir sənətdir və bu sənəti icra edərkən diqqətli, həssas və məsuliyyətli olmalıyıq. Çünki bizim uşağa qarşı yanaşmamız onun şəxsiyyət olaraq formalaşmasında mühüm rol oynayacaqdır. Ailənin əsas vəzifəsi uşağın özünü kəşf etməsinə imkan vermək və uşağa sahib olduğu xüsusiyyətləri üzə çıxardaraq gələcək yaşamında özünü və arzularını həyata keçirməsi üçün dəstək təmin etməsi olduğunu unutmamaq lazımdır. Yəni önəmli olan uşağa seçim haqqı tanımaq və onun qərarlarına hörmətlə yanaşmaq, verdiyi qərarın doğru ya da səhv olmasına baxmayaraq onunla olmağa davam etməkdir. Valideynlər unutmamalıdır ki, bu dünyada əbədi yaşamayacaqlar və hər zaman uşaqlarının yanında olub onları qoruya bilməyəcəklər. Ona görə də bu səbəbdən hədəfimiz bizdən sonra övladlarımızın öz ayaqları üstündə dura bilən, seçimlər edə bilən, düşünə bilən və sosial normalarla üst-üstə düşən davranış nümunələrini həyatlarının bir hissəsi halına gətirən məsuliyyətli bir şəxsiyyət ola bilmələridir. Buna görə uşağa şərtsiz sevgi vermək və bunu göstərərkən də sərhədlər qoymağı unutmamaq çox vacibdir. Çünki sərhədlər vasitəsilə uşaqlar cəmiyyət qaydalarına və valideynlərinin səlahiyyətlərinə tabe olmağı öyrənirlər. Valideynlərinin ona və ya başqasına zərər verəbiləcəyi təqdirdə xoşagəlməz davranışı dayandıracağını bilmək uşağa rahatlıq bəxş edər. Sərhədlər qurmaq uşaqlara güclü bir mesaj göndərir. “Mən sənin atanam. Sən mənə güvənə bilərsən. Mənim sənə doğru yolu göstərəcəyimdən əmin ola bilərsən”.

Əfsuslar olsun ki, cəmiyyətimizdə uşaq böyütmə prosesində ataların aktiv iştirak etmədiyini görürük. Bu hal uşağın psixi və emosional fonuna necə təsir göstərir?

- Sadəcə bizim cəmiyyətə xas olmasa da bir çox cəmiyyətlərdə uşağa qayğı və tərbiyənin məsuliyyəti çox vaxt yalnız ananın üzərinə düşür. Deyirlər ki, qadınlar hamilə olduğu andan etibarən özlərini ana kimi hiss edirlər, lakin kişilər ata olduqlarını körpələrini ilk dəfə qucaqlarına alarkən qavrayırlar. Atalar övladlarını analar kimi doqquz ay bətində daşıyıb, onları bəsləmədikləri üçün ilk illərində anadan daha az əhəmiyyət daşıdıqlarını, ya da önəmli olmadıqlarını düşünə bilərlər. Lakin bu belə deyil. Uşaqlar doğulduğu andan etibarən ata sevgisinə və diqqətinə ehtiyac duyurlar. Uşaq atasının yanında özünü güvəndə hiss edir və ata-övlad münasibəti onu xoşbəxt etməklə yanaşı tamamlayıcı səbəbdir. Çox vaxt gecədən gecəyə atasını görən uşaq onun evə qayıtmasını səbrsizliklə gözləyir, onunla oynamaq və danışmaq üçün həyəcan duyar. Ancaq əfsuslar olsun ki, övladının bu istəyinə cavab verən yorğunluğuna baxmayaraq ona vaxt ayıran ataların sayı cəmiyyətimizdə çox azdı. Bizim cəmiyyətdə ataların övladları ilə adətən anaları vasitəsilə ünsiyyət qurduğunu görürük. Güclü və mehriban ata uşaq üçün güvən mənbəyidir. Ona görə də ata uşağın nə qədər yanında olarsa, onunla nə qədər keyfiyyətli vaxt keçirərsə, gələcəkdə cəmiyyət üçün daha faydalı, özünə güvənən və inanan, uğurlu bir insan yetiştirmə ehtimalı da bir o qədər yüksəkdir. Məlumdur ki, atalar bəzən uşaqları ilə kifayət qədər vaxt keçirmədiklərində və onlara istədikləri qayğını göstərə bilmədiklərində daxilində yaşadığı yetərsizlik və narahatlıq hissini yüngülləşdirmək üçün hədiyyələr və oyuncaqlarla problemi həll etməyə çalışarlar. Ancaq unutmamaq lazımdır ki, hər gün oyuncaq gətirməkdənsə uşağını qucağına alıb 5-10 dəqiqə onunla söhbət etmək, gününün necə keçdiyini soruşmaq və ünsiyyətdə olmaq həm ataları həm də övladlarını daha xoşbəxt edər.

Aydan xanım, nə zamansa uşaq və yeniyetmələrin psixiatriyası istiqamətində elmi-populyar istiqamətdə kitab çap etməyi düşünürsüzmü?

- Bəli. Hal-hazırda böyük məsuliyyət və həvəslə belə bir kitab üzərində işləyirəm. Açığı deyim ki, bu kitabın hazırlanması çox böyük zərurətdən irəli gəlir. İstanbuldan vətənə döndüyüm ilk günlərdən müşahidə etdim ki, gənc valideynlərimiz üçün əllərində rəhbər ola biləcək belə bir elmi-populyar yönlü Azərbaycan dilində kitabın olmaması onların maarifləndirilməsi işində çox böyük fəsadlar törədir. Elə ilk günlərdən belə bir kitabın hazırlanıb çap olunmasını özümün əsas vətəndaş-həkim borcu hesab etdim. Güman edirəm ki, xüsusilə gənc valideynlərə ərməğan edəcəyim bu kitab onların sağlam övlad böyütmələrinə çox böyük tövhə verəcəkdir.